Azərbaycan-Kuba diplomatik münasibətlərinin qurulmasının ildönümü Havanada qeyd edilib

Azərbaycan-Kuba diplomatik münasibətlərinin qurulmasının ildönümü Havanada qeyd edilib backend

Azərbaycan və Kuba arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümü münasibətilə ölkəmizin Kubadakı səfirliyinin təşkilatçılığı ilə Havana şəhərində konsert təşkil olunub.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə çıxış edən ölkəmizin Kubadakı səfiri Ruslan Rzayev Azərbaycan ilə Kuba arasında münasibətlərin möhkəm tarixi dostluğa söykəndiyini, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra da Kuba ilə dostluq əlaqələrinin qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə önəm verdiyini diqqətə çatdırıb. Səfir 2007-ci ildən Kubanın Azərbaycanda səfirliyinin təsis olunduğunu, həmin il ölkəmizin də Havana şəhərində diplomatik ofisinin açıldığını və 2022-ci ilin sonlarından etibarən Azərbaycanın Kubada səfirliyinin fəaliyyətə başladığını bildirib.

R.Rzayev son müddətdə ikitərəfli münasibətlərdə müşahidə olunan müsbət dinamikadan, həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlərdən danışaraq ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsi üçün geniş imkanların olduğunu vurğulayıb. 2023-cü ildə ilk dəfə olaraq Azərbaycan və Kuba XİN-ləri arasında siyasi məsləhətləşmələrin baş tutduğunu qeyd edən səfir, bunun da öz növbəsində ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verdiyini söyləyib və ölkəmizin Kuba ilə müxtəlif sahələrdə əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.

Daha sonra tədbir Azərbaycan Respublikasının Əməkdar artisti maestro Ceyhun İsmayılovun ifasında Azərbaycan, Kuba, eləcə də dünya musiqisinin müxtəlif əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

Konsertdə, habelə kubalı musiqiçi Laura Valdivianın iştirakı ilə Azərbaycan və Kuba musiqilərinin birgə ifası da səsləndirilib.

 

Tamaşaçıların böyük marağına səbəb olan konsert gurultulu alqışlarla qarşılanıb.

 

 

Diaspora