ABŞ-ın nüfuzlu “Voll Strit Jurnal” dərgisində yayımlanan məqalədə Rusiyanın müttəfiqlərinin Ukraynaya mərmi göndərdikləri yazılıb. Məqalədə konkret dövlətlərin adları yazılmayıb.
QAZILER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, müasir müharibələr yalnız cəbhə bölgəsini əhatə etmir, tərəflər arasında informasiya və psixoloji savaş da gedir:
“Həmin məqalə informasiya və psixoloji savaşın tərkib hissəsinə bənzəyir. Birincisi, dərginin istifadə etdiyi “Rusiyanın müttəfiqləri” termini yalnız bir dövlətə - Belarusa aid edilə bilər. Bu dövlətdən başqa Rusiyanın real müttəfiqi yoxdur, tərəfdaşları var. Ancaq həmin tərəfdaşların da Ukraynaya silah və ya mərmi göndərdiyi ehtimalı azdır. Çünki belə bir hal olarsa, bunu gizli saxlamaq mümkün olmayacaq və Rusiya ilə tərəfdaşlıq münasibətləri olan dövlətlər Moskva ilə münasibətləri gərginləşdirmək istəməzlər.
İkincisi, məqalənin məqsədi Rusiya hakimiyyətində tərəfdaşlarla bağlı şübhələr yaratmaqdır. Əlbəttə, Qərb dövlətləri çox istəyərdi ki, Rusiyanın tərəfdaşlarını da öz tərəflərinə çəksinlər və həmin dövlətlər Ukraynaya hərbi yardım etsinlər. Ancaq bunun riskləri olduğuna görə Rusiya ilə münasibətləri olan dövlətlər Ukraynaya mərmi və hərbi texnika göndərməzlər. Buna baxmayaraq, Rusiyanın tərəfdaşlarının bir qismi Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bu dövlətə humanitar yardım göndərir”.