Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) və Azərbaycanlı Tələbələr Assosiasiyasının birgə təşkilatçılığı ilə Kanadanın Toronto Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində forum keçirilib.
QAZILER.AZ AZƏRTAC-a istinaden bildirir ki, 100-ə yaxın gəncin iştirakı ilə baş tutan forumda çıxış edən Milli Məclisin deputatı, COP29 üzrə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu (UN Climate Change High-Level Champion) Nigar Arpadarai ekoloji proseslərdə gənclərin rolu və təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı, korporativ məsuliyyət kimi mövzulardan danışıb, COP29-un iqlim dəyişikliyinin azaldılmasına və yaşıl təcrübələrin təbliğinə yönəlmiş qlobal təşəbbüslərin təşviqində Azərbaycanın fəal rolunu vurğulayıb.
Panel müzakirəsi formatında davam edən tədbirdə Məsud Əfəndiyev, Feridun Hamdullahpur, İlqar Məmmədov, Waseem Chaudhry, Jude Kong, İbrahim Dincer, Əminə Salmanova, Ulduz Rəhimov və Ali Eslami kimi professor və ekspertlər yaşıl enerji, təbiət, biomüxtəliflik və qlobal dünyamızın qorunması, eləcə də iqlim dəyişikliyinin sağlamlığa olan zərərlərinin prioritet sahələr kimi nəzərdə saxlanılması, BMT-nin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində ətraf mühitin əhəmiyyəti və COP29-la bağlı mövzular ətrafında müzakirələr aparıblar.
Qeyd olunub ki, COP29 beynəlxalq konfransının Azərbaycanda, Bakıda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, bütün dünya ölkələrinin Azərbaycana növbəti dəfə yüksək etimad və hörmətinin göstəricisidir. Forumda, eyni zamanda, COP29 tədbirinin ölkəmizdə keçirilməsinin gənclər üçün yaratdığı imkanlar, beynəlxalq miqyasda gənclər arasında birgə təşəbbüs və əməkdaşlığın vacibliyi barədə fikir mübadiləsi aparılıb, ekspertlər tərəfindən suallar cavablandırılıb.