Şri-Lankada qazaxıstanlı yeniyetmə sörfinq zamanı ölüb.
Qaziler.az Kazinform-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.
"Qazaxıstan Respublikasının vətəndaşları Qazaxıstanın Hindistandakı səfirliyi ilə əlaqə saxlayaraq azyaşlı oğlunun ağır vəziyyətdə xəstəxanada olduğunu bildiriblər. Vəziyyəti aydınlaşdırarkən onun martın 5-də sörfinqlə məşğul olarkən suya düşdüyünü və xilas edilməsini öyrənə bildik. Martın 10-na qədər o, xəstəxanada idi, həkimlər onun həyatı üçün mübarizə aparırdılar. Təəssüf ki, oğlan martın 10-da dünyasını dəyişib”, – deyə həftəlik brifinqdə sualı cavablandıran Aibek Smadiyarov bildirib.
O, həmçinin qeyd edib ki, bu gün oğlanın meyitinin evə gətirilməsi üçün bütün lazımi köməkliklər göstərilir.
“Biz indi qohumlarına yardım edirik, konsul bu uşağın valideynləri ilə əlaqə saxlayır. Yeniyetmənin cənazəsinin yaxın vaxtlarda Qazaxıstana çatdırılması üçün aviaşirkət və dəfn şirkəti ilə danışıqlar aparılır, bütün lazımi sənədlər hazırlanır”, - deyə Aybek Smadiyarov bildirib.
Xarici İşlər Nazirliyi oğlanın Almatı sakini olduğunu və 16 yaşında olduğunu dəqiqləşdirib. Ailə son 2-3 ildir ki, Şri-Lankada yaşayır.
QAZİLER.AZ