Türkiyə üçün PKK-nın prioritet olduğunu anlayırıq, ABŞ PKK-nı da terror təşkilatı kimi tanıyır.
"Report" “Haber Global”a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin diplomatik mənbələrindən bildirilib.
Məlumata görə, martın 7-8-də ABŞ-nin paytaxtı Vaşinqtonda “Türkiyə və ABŞ-nin strateji mexanizmləri” mövzusunda keçiriləcək toplantıda iqtisadi əməkdaşlıq, ticarət ortaqlığı və terrora qarşı mübarizə başda olmaqla bir çox məsələlər müzakirə olunacaq.
Vurğulanıb ki, tədbirdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ-nin dövlət katibi Antoni Blinken də iştirak edəcək. ABŞ Türkiyənin ikinci ən böyük ticarət ortağıdır.
Qeyd olunub ki, işçi qruplar terrorizmlə mübarizə, Yaxın Şərq, Suriya, İsrail-Qəzza, Cənubi Qafqaz və Rusiya-Ukrayna müharibəsini də müzakirə edəcək.