İsrailin baş naziri Benyamin Netanyahunun təklif etdiyi Qəzza zolağında müharibədən sonra nizamlanma planı Fələstin prezidenti Mahmud Abbas tərəfindən rədd edilib.
Qaziler.az xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Abbas xarici dövlətlərin başçılarına və beynəlxalq təşkilatların rəhbərlərinə ünvanladığı məktubda öz mövqeyini açıqlayıb.
Fələstin prezidenti Netanyahunun planının həyata keçirilməsinin Qəzza zolağında atəşkəs üçün beynəlxalq səyləri təhlükə altına atacağını deyib və anklavda döyüşləri dayandırmaq üçün təcili beynəlxalq müdaxiləyə çağırıb.
Bundan əlavə, o, 1,8 milyondan çox məcburi köçkün fələstinlinin sığınacaqla təmin edilməsinin, onların sonradan öz evlərinə qayıtmasının təmin edilməsinin vacibliyini xatırladıb.
“Netanyahunun “ertəsi gün” planı, o cümlədən yaşayış məntəqələrində minlərlə yeni yaşayış binası tikmək planları, onun hökumətinin Fələstin xalqını inkar edən və Aralıq dənizindən tutmuş İordaniyaya kimi bütün ərazilərdə İsrail suverenliyinin yaradılmasında israrlı siyasətini əks etdirir”, – deyə Mahmud Abbasın məktubunda deyilib.
Qeyd edək ki, fevralın 24-də İsrailin baş naziri Benyamin Netanyahu anklavda gedən döyüşlərdən sonra Qəzza zolağının idarə olunması planını təqdim edib.
QAZİLER.AZ