İspaniya dünyanın ən populyar turizm ölkələrindən biri hesab olunur və bu istər-istəməz həm yerli sakinlər, həm də səyahətçilər üçün xoşagəlməz hadisələrin yaşanmasına gətirib çıxarır.
Buna görə də təəccüblü deyil ki, bir çox məşhur şəhərlər turist axınını tənzimləmək üçün müxtəlif məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə başlayır.
Məsələn, İspaniyanın Sevilya şəhərində şəhərin mərkəzi meydanı olan “Plaza de Espana” turistlərin girişini məhdudlaşdırmaq qərarına gəlib. Şəhərin meri Xose Luis Sansın “X” sosial şəbəkəsindəki səhifəsində izah etdiyi kimi, “Plaza de Espana” tamamilə bağlanmayacaq - şəhər və əyalət sakinləri hələ də ora məhdudiyyətsiz daxil ola biləcəklər, lakin turistlər ödəniş edərək şəhərin əsas meydanına girə biləcəklər.
"Dünyanın əksər şəhərlərində olduğu kimi, biz turistlərdən ödəniş alacağıq. Yalnız şəhər şurasının büdcəsi hesabına biz nə irsimizi qoruya bilərik, nə də abidənin təhlükəsizliyinə zəmanət verə bilərik", - şəhər meri qeyd edib.
QAZİLER.AZ