Kubada “Xocalı, insanlığa qarşı cinayət” sərlövhəli məqalə dərc olunub

Kubada “Xocalı, insanlığa qarşı cinayət” sərlövhəli məqalə dərc olunub backend

Kubanın nüfuzlu mətbuat orqanlarından biri “Prensa Latina” xəbər agentliyinin rəsmi səhifəsində Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayevin “Xocalı, insanlığa qarşı cinayət” (Jodyalí, un crimen de lesa humanidad) başlıqlı məqaləsi dərc olunub.

QAZILER.AZ  AZƏRTAC-a istinaden verdiyi  məlumata görə, məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində Ermənistan ordusu tərəfindən 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla 613 nəfər mülki azərbaycanlıya qarşı törədilmiş amansız qətliamın - Xocalı soyqırımının bu il 32-ci ildönümünün anılacağı bildirilib.

Tarixən bu torpaqlarda yaşamış mülki azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğın, soyqırımı və etnik təmizləmə siyasətinin təkcə Xocalının deyil, bütün Qarabağın əhalisinin fundamental hüquqlarını pozduğu vurğulanıb.

Yazıda, həmçinin Ermənistanın keçmiş müdafiə naziri və sabiq prezidenti Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində səsləndirdiyi - “Xocalıdan qabaq azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq”, - fikirlərinə yer verilib.

Habelə, məqalədə Xocalı soyqırımının və Ermənistanın Azərbaycana hərbi hücumu zamanı törətdiyi digər cinayətlərin, o cümlədən hərbi cinayətlərin və insanlığa qarşı cinayətlərin insan hüquqları və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması faktı olması oxucuların diqqətinə çatdırılıb.

Bu xüsusda, Ermənistanın törətdiyi əməllərin Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiyanın, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyanın və digər beynəlxalq konvensiyaların pozulması kimi qiymətləndirilməli olduğu vurğulanıb.

Məqalədə, həmçinin Xocalı soyqırımının Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təsisatlar və Latın Amerikasının bir sıra ölkələri də daxil olmaqla xarici dövlətlər tərəfindən tanındığı qeyd olunub.

 

 

 

Diaspora