İtaliyanın Florensiya şəhərində tikilməkdə olan binanın uçması nəticəsində ən azı 2 işçi həyatını itirib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, İtaliya xilasetmə briqadasının məlumatına görə, Florensiyanın Mariti küçəsində yerləşən supermarketin tikinti sahəsi səhər saatlarında çöküb.
İlkin məlumata görə, tikintidə işləyən 2 işçi həyatını itirib.
Florensiyanın yerləşdiyi Toskana Bölgəsinin Regional İcra Başçısı Eugenio Giani açıqlamasında hadisə zamanı tikintidə 8 nəfərin olduğunu bildirərək: "Təəssüf ki, ölən var. 3 nəfər dağıntılar altından çıxarılaraq Careggi Xəstəxanasına aparıldı. 3 işçinin axtarışları davam edir", - dedi.
Yanğınsöndürmə qrupları axtarış-xilasetmə itləri ilə işçilərin tapılması istiqamətində işləri davam etdirir.
Florensiyanın meri Dario Nardella şəhərdə sabah üçün matəm elan edib.
Hadisə şahidləri çökmə anını: "Bomba partlamasına bənzəyən çox yüksək səs" kimi təsvir ediblər.
Baş nazir Giorgia Meloni də həyatını itirənlərin yaxınlarına başsağlığı verib və hadisələri yaxından izlədiyini bildirib.
İşçilərin ölümlərinə etiraz etmək üçün Toskana Bölgəsindəki bəzi həmkarlar ittifaqlarının şöbələri bugünkü növbələrin son 2 saatında təcili tətil etmək qərarına gəliblər.
QAZİLER.AZ