"Əfqanıstana 4 min İŞİD döyüşçüsü daxil olub”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko bildirib.
O, Əfqanıstan təhlükəsizlik qüvvələrinin xarici yardım olmadan ölkədəki vəziyyətə nəzarət edə bilmədiyini söyləyib.
"Kunduz şəhəri hamı üçün soyuq duş oldu. Bunu NATO-nun baş qərargahında da gizlətmirlər. Şəhər o qədər də böyük olmayan qüvvələr tərəfindən ələ keçirilib. Əfqanıstanın təhlükəsizlik qüvvələri çox çətin vəziyyətlə üzləşiblər. Biz təkcə "Taliban" hərəkatının gücləndiyini görmürük, İŞİD-in Əfqanıstan ərazisinə sızmasını da müşahidə edirik. Bu, xüsusi narahatçılıq doğurur. Hesablamalara görə, Əfqanıstana keçən İŞİD üzvlərinin sayı təxminən 4 min nəfərdir. Onların sayı getdikcə artır", - deyə o vurğulayıb.