Şimali Koreya bu həftə super böyük qanadlı raket döyüş başlığını sınaqdan keçirib və yeni zenit raketini buraxıb.
QAZİLER.AZ APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Qeyd olunur ki, sınaq fevralın 2-də KXDR-in Raket Elmi üzrə Baş İdarəsi tərəfindən həyata keçirilib və müxtəlif yeni silahların texnologiyalarını kəskin şəkildə inkişaf etdirməyə yönəlib. KCNA vurğulayır ki, sınaqlar raket elmləri şöbəsinin müntəzəm fəaliyyəti çərçivəsində həyata keçirilib və regiondakı vəziyyətlə heç bir əlaqəsi yoxdur. “Bu sınaqlar qonşu ölkələrin təhlükəsizliyinə heç bir mənfi təsir göstərməyib”, - deyə bəyanatda vurğulanır.
Yanvarın 30-da Şimali Koreya “Hvasal-2” strateji qanadlı raketinin təlim buraxılışını həyata keçirib. KCNA-nın məlumatına görə, yanvarın 28-də ölkə lideri Kim Çen Inın rəhbərliyi altında iki yeni “Pulhvasal-3-31” sualtı qanadlı raketlərinin uğurlu sınaq buraxılışı həyata keçirilib.