Səudiyyə Ərəbistanı şahzadəsi, krallığın müdafiə naziri Məhəmməd ibn Salman Rusiyada səfərdədir. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, o, Rusiya prezidenti Vladimir Putinlə Soçidə Suriyada keçid hökuməti yaradılması və Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması məsələsi barədə müzakirələr aparıb. Putin bildirib ki, onların terrorçuların hakimiyyətə gətirilməməsi məsələsində krallıqla maraqları üst-üstə düşür.
Danışıqlara Rusiyanın xarici işlər naziri Sergey Lavrov da münasibət bildirib:
"Başlıcası odur ki, Suriyada terrorçu xilafətin hakimiyyətə gəlməsinə heç kəs razı deyil. Məhz buna görə də bizim hərbi qüvvələrimiz Suriyada əməliyyatlar keçirir. Bizim hədəfimiz yalnız terroru və terrorçuları məhv etməkdir", deyə diplomat bildirib.