Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətinin səmasında İL- 76 hərbi-nəqliyyat təyyarəsinin vurulmasını terror aktı kimi qiymətləndirib.
“Report” xəbər verir ki, bu barədə nazirliyin hadisə ilə bağlı yeni açıqlamasında bildirilib.
Qeyd olunub ki, rəsmi Kiyev Belqorod vilayətində İl-76 təyyarəsini vuraraq terror aktı törədib: “Təyyarənin göyərtəsində olan hər kəs, o cümlədən ukraynalı əsirlər ölüblər. Əsirlərin dəyişdirilməsi, əvvəllər əldə edilmiş razılaşmaya əsasən, günorta saatlarında Rusiya-Ukrayna sərhədindəki Kolotilovka keçid məntəqəsində baş tutmalı idi”.
Bundan əvvəl, Rusiya Dövlət Dumasının Hərbi Komitəsinin sədri Andrey Kartapolov Ukraynanın İL- 75 hərbi-nəqliyyat təyyarəsini məqsədli şəkildə vurduğunu bildirib. Jurnalistlərə açıqlamasında duma rəsmisi qeyd edib ki, Ukraynanın niyyəti əsir mübadiləsini pozmaq idi: “Təyyarənin hara uçduğunu, hara getdiyini qarşı tərəf çox yaxşı bilirdi”.
O söyləyib ki, artıq mübadilə mümkün deyil: “Ukrayna bizi günahlandırmaq üçün belə etdi”.
Qeyd olunub ki, hücum Xarkov vilayətinin Liptsi rayonundan zenit-raket kompleksindən istifadə edilməklə həyata keçirilib. Məlumata görə, Rusiya Aerokosmik Qüvvələrinin radar avadanlığı iki Ukrayna raketinin buraxılışını müşahidə edib.
Belqorod vilayətinin Koroçanski rayon administrasiyasının başçısı Nikolay Nesterov isə təyyarənin vurulması nəticəsində ölənlər arasında mülki əhalinin olmadığını bildirib.