"Yaxın Şərqdə mövqelərimizi itirmirik, hərbi bazalarımız orada qalmaqdadır"
“Əgər düşünürsüzsə ki, liderlik yeganə müttəfiqinizi qorumaq üçün qoşunları quruda döyüşmək üçün göndərməkdən ibarətdir, onda bizim liderlik barədə fərqli təsəvvürlərimiz var”.APA-nın xəbərinə görə, bu sözləri ABŞ prezidenti Barak Obama “CBS news” telekanalının “60 dəqiqə” proqramına müsahibəsində deyib. B. Obama aparıcının "Vladimir Putin sizin liderliyinizə təhdid yaradır" fikri ilə razılaşmayıb: “Mənim liderlik barədə təsəvvürüm iqlim dəyişikliyinə, İranın nüvə silahı əldə etməsinə qarşı dünya ictimaiyyətinin səfərbər edilməsindən ibarətdir”.
B. Obama Rusiyanın Suriyadakı əməliyyatlarının ABŞ üçün gözlənilməz olmadığını və prosesləri diqqətlə izlədiklərini nəzərə çatdırıb: “Bizim yaxşı kəşfiyyatımız var. Biz Rusiyanın Suriyaya hərbi dəstək verəcəyini gözləyirdik. Əsədin hakimiyyətdə olduğu müddətdə mötədil müxalifət qüvvələrinin İŞİD-lə mübarizəyə cəlb edilməsi çətin olacaq. İraq və Suriyada İŞİD silahlıları gec ya tez məhv ediləcək, lakin bunun üçün münasib məqam yetişməlidir. Regionun sünni əhalisi də İŞİD-lə mübarizəyə qoşulmalıdır. Suriya münaqişəsini hərbi vasitələrlə həll etmək mümkün deyil, bunu ancaq vacib aktyorların iştirakı ilə siyasi yollarla həll etmək mümkündür.”
Obama aparıcının ABŞ-ın Yaxın Şərqdəki mövqelərini itirməsi fikri ilə razılaşmayıb. O qeyd edib ki, regionda ABŞ-ın hərbi bazaları hələ də qalmaqdadır. O, Birləşmiş Ştatlarının Suriyaya quru qoşunları göndərməyə hazırlaşmadığını, İŞİD-ə aviazərbələr endirməyə davam edəcəklərini bildirib.