İranın Sistan və Bəlucistan əyalətinin Seravan şəhərinə Pakistan qırıcılarının zərbələri nəticəsində ölənlərin sayı 9-a çatıb.
Bu barədə İran KİV-i məlumat yayıb.
Xatırladaq ki, Rəsmi İslamabadın yaydığı açıqlamaya əsasən, yanvarın 18-də Pakistan İranın bu əyalətinin Seravan şəhərində terrorçuların mövqeyini bombalayıb.
Qeyd olunub ki, yanvarın 18-də səhər saatlarında Pakistan İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına qarşı yüksək koordinasiyalı və dəqiq zərbələr endirib: “Nəticədə bir neçə terrorçu məhv edilib. İran daxilindəki sarmaçarlar adlanan terrorçuların mövcudluğu bizi narahat edir. Lakin ciddi narahatlığımıza baxmayaraq, heç bir tədbir görülmür. Bu gün həyata keçirilən əməliyyatın əsasında sarmaçarların genişmiqyaslı terror fəaliyyətlərinə hazırlanmasına dair ciddi kəşfiyayt mənbələri dayanır”.
Bildirilib ki, bu əməliyyat Pakistanın milli təhlükəsizliyini qorumağın təzahürüdür: “Bu olduqca mürəkkəb əməliyyatın uğurla həyata keçirilməsi, həm də Pakistan Silahlı Qüvvələrinin peşəkarlığının göstəricisidir. Pakistan xalqının təhlükəsizliyini qorumaq üçün bütün lazımi addımları atmağa davam edəcək. Pakistan İranın suverenliyinə və ərazi bütövlüyünə tam hörmət edir. Bugünkü əməliyyatın yeganə məqsədi Pakistanın öz təhlükəsizliyini qoruması idi”.
XİN-in bəyanatında vurğulanıb ki, Pakistan beynəlxalq ictimaiyyətin məsul üzvü kimi dövlətlərin ərazi bütövlüyü və suverenliyi də daxil olmaqla BMT Nizamnaməsinin prinsiplərini dəstəkləyir: “Pakistan suverenliyinin və ərazi bütövlüyünün mübahisələndirilməsinə heç vaxt icazə verməyəcək. İran qardaş ölkədir və Pakistan xalqı İran xalqına böyük hörmət və məhəbbət bəsləyir. Biz terrorizm təhlükəsi də daxil olmaqla ümumi çağırışlarla mübarizədə həmişə dialoq və əməkdaşlığı vurğulamışıq və birgə həll yolları tapmağa çalışacağıq”.
Bundan başqa, “Reuters” agentliyinin məlumatına əsasən, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın hava məkanına daxil olub və terrorçuların sığınacaqlarına zərbələr endirdikdən sonra geri qayıdıb. Amma əməliyyatda neçə qırıcının iştirak etməsi barədə məlumat verilməyib.
Qeyd edək ki, yanvarın 15-16-sına keçən gecə İran İslam Keşikçiləri Korpusunun (Sepah) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə endirdiyi aviazərbələr nəticəsində 2 uşaq ölüb, 3 nəfər yaralanıb. Tehranın iddiasına əsasən, Sepah “Ceyş əl-Ədl” qruplaşmasının qərargahlarını vurub.
Report.az