Transxəzər qaz kəməri perspektivli layihədir. Trend Türkmənistan hökumətinin yaydığı məlumata istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədov deyib.
Prezident bildirib ki, Türkmənistanın enerjidaşıyıcılarının Avropa istiqamətində tədarükü imkanları maraqla müzakirə edilir: "Burada Transxəzər qaz kəmərinin tikintisi perspektivli layihə hesab edilir".Məlumatda qeyd edilir ki, bu yaxınlarda Londonda keçirilmiş "Türkmənistanın neft-qaz sahəsi - sərmayələr üçün imkanlar" forumu çərçivəsində seminar baş tutub. Seminarda 78 şirkətin nümayəndələri iştirak ediblər. Transxəzər qaz kəməri layihəsinin hüquqi və vergi məsələləri, bu istiqamətdə ixrac imkanları müzakirə edilib.
Qeyd edək ki, Türkmənistan Avropa bazarına çıxmaq imkanlarını öyrənir. Bu məqsədlə Transxəzər qaz kəmərinin Xəzərin Azərbaycan sahillərinədək çəkilməsi layihəsi qabağa çəkilir. Türkmənistan xammalı oradan Türkiyəyə, daha sonra Avropaya çatdırıla bilər.