Yaponiyanın “All Nippon Airlines” aviaşirkətinə məxsus Tokiodan Vaşinqton ştatına uçan təyyarə, göyərtəsində olan 55 yaşlı ABŞ vətəndaşının stüardessalardan birinin əlini dişləməsindən sonra uçuş hava limanına qayıtmaq məcburiyyətində qalıb.
Qaziler.az bildirir ki, bu barədə yanvarın 17-də “Japan Times” qəzeti məlumat yayıb.
Yapon polisinin bildirdiyinə görə, havaya qalxdıqdan az sonra təyyarənin sərnişini, amerikalı Maykl Travis Xalyard ekipaj üzvlərinin yerinə oturmaq tələbinə aqressiv reaksiya verib. Və sonra o, aviaşirkətin əməkdaşının əlini dişləyərək qadına yüngül xəsarət yetirib.
Kobudluq edən şəxs Tokio Haneda hava limanında saxlanılıb. İfadəsi zamanı həmin şəxs hadisə anını qətiyyən xatırlamadığını bildirib. Daha sonra TBS telekanalı qeyd edib ki, ilkin məlumatlara görə, amerikalı uçuş zamanı yuxu dərmanı qəbul edib.
QAZİLER.AZ