ABŞ prezidenti Co Baydenin administrasiyası Yəmənin husi üsyançıları “Ənsar Allahı” xarici terror təşkilatları siyahısına əlavə etməyi düşünür.
CNN telekanalı xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Hazırda onu nəzərdən keçiririk. Ləğv edib etməyəcəyimizə, yenidən dəyişdirəcəyimizə hələ qərar verməmişik, amma deyə bilərəm ki, biz bu məsələni ciddi şəkildə araşdırırıq”, – Kirbi bildirib.
Qeyd edək ki, husilər 2021-ci ilin fevralında ABŞ-ın terrorçu siyahısından çıxarılıb.
Yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəməndə husilərin “Ənsar Allah” hərəkatının 16 obyektinə 60-dan çox zərbə endirib. Bir neçə böyük şəhərdə partlayışlar baş verib və Səna hava limanı kütləvi bombardmanlara məruz qalıb. Amerika ordusu “Tomaqavk” qanadlı raketləri ilə, İngilislər isə “Paveway” IV idarə olunan bombaları ilə hücumlar etdiyini bildirilib.
QAZİLER.AZ