Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Pentaqon rəhbəri Lloyd Ostin xəstəxanada olsa belə, bütün vəzifələrini yerinə yetirir. Onun sözlərinə görə, istefası ilə bağlı heç bir söhbət yoxdur.
Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, bütün administrasiya nazirə lazımi yardımı göstərməyə cəmlənib.
“O, öz vəzifələrini tam yerinə yetirməyə davam edir, adi vaxtlarda edəcəyi hər şeyi edir, ancaq xəstəxanadan. Ostini vəzifədə saxlamaqdan başqa heç bir planımız yoxdur”, - Kirbi bildirib.
ABŞ prezidenti Co Bayden də nazirin qayıtmasını səbirsizliklə gözləyir, deyə o əlavə edib. Amerika rəsmisinin sözlərinə görə, dövlət başçısı xəstəliyinin kifayət qədər operativ şəkildə məlumatlandırılmamasına görə məsuliyyəti öz üzərinə götürən Ostinə səmimi ehtiramını bildirir.
Qeyd edək ki, yanvarın 6-da Lloyd Ostin adi tibbi prosedurdan sonra yaranan ağırlaşmalarla xəstəxanaya yerləşdirilib.
QAZİLER.AZ