Argentinanın yeni Prezidenti Xavyer Miley BRICS üzvlərinə ölkəsinin qrupa qoşulmayacağı barədə məlumat verib.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.
Argentina Prezidenti BRICS-ə qoşulmaqdan imtina etdiyini bildirən məktubda qrupa daxil olan ölkələrin hər biri ilə görüşmək arzusunda olduğunu ifadə edib.
Məktubda deyilir: “Hökumətimin ölkənizlə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiqliyini, xüsusilə ticarət və investisiyaların artırılması ilə bağlı öhdəliyini vurğulamaq istərdim. Sizinlə görüşməyi səbirsizliklə gözlədiyim halda, fürsətdən istifadə edərək, sizə hörmətimi bildirirəm”. Eyni məzmunlu məktub Rusiya Prezidentinə, Çin Sədrinə, Braziliya Prezidentinə və Hindistanın Baş nazirinə göndərilib.
Mətndə həmçinin bildirilib ki, Argentinanın yeni hakimiyyət orqanlarının xarici siyasəti “bir çox aspektlərə görə əvvəlki hökumətin siyasətindən fərqlənir” və “əvvəlki administrasiya tərəfindən qəbul edilən bəzi qərarlara yenidən baxılacaq”. “Bununla əlaqədar olaraq sizə bildirmək istərdim ki, Argentinanın 2024-cü il yanvarın 1-də tamhüquqlu üzv kimi BRICS-ə qoşulması hazırda məqsədəuyğun görünmür”, - məktubda vurğulanıb.