Pentaqon rəhbəri Eşton Karter bəyan edib ki, Rusiya bu yaxınlarda Suriyada ciddi itkilər verəcək. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Karter rus hərbçilərini qeyri-peşəkarlıqda ittiham edib.
"Onların buraxdığı qanadlı raketlər bizim pilotsuz təyyarələrimizin çox yaxınlığından keçiblər. Üstəlik, rus qırıcıları Türkiyənin hava sərhədini bir neçə dəfə pozublar. Buna görə də biz "Patriot" raket komplekslərimizi yenidən Türkiyə ərazisində yerləşdirməyə qərar vermişik", - deyə o, əlavə edib.NATO-nun son iclasının yekunları ilə bağlı çıxış edən Karter Rusiyanın Suriyada əməliyyatlara başlamasını sərt tənqid edib. O, Rusiyanın bu addımdan məqsədinin yalnız Bəşər Əsədi dəstəkləmək olduğunu deyib.
"Moskvanın başladığı əməliyyatı anti-terror əməliyyatı adlandırmaq gülüncdür. Çünki rus təyyarələrinin endirdiyi zərbələrin İŞİD-ə heç bir aidiyyəti yoxdur. Məqsəd Bəşər Əsədə qarşı olan müxalifləri sıradan çıxarmaqdır".
Pentaqon rəhbəri bildirib ki, ABŞ Rusiya ilə o zaman müttəfiqlik edəcək ki, Moskva səhv addımlarına son qoyacaq.
"Rusiyanın səhvini düzəltməyə imkanı və vaxtı var. Amma mən onların bunu edəcəyinə inanmıram. Moskva özü-özünü dünyadan təcrid edir", - deyə Karter bildirib.
Xatırladaq ki, NATO-nun son iclasında alyansa üzv olan ölkələrin müdafiə nazirləri müttəfiq birliyi nümayiş etdiriblər. Onlar Türkiyə sərhədlərinin Rusiya təyyarələri tərəfindən pozulmasından narahatlıq ifadə ediblər. Baş katib Yens Stoltenberq isə Türkiyəyə hərbi qüvvə göndərilə biləcəyini istisna etməyib.