Qazaxıstan "Taliban"ı qadağan olunmuş təşkilatlar siyahısından çıxarır.
Apa xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov “Kazinform” agentliyinin müsahibəsində bildirib.
"Qazaxıstan respublikada qadağan olunmuş terror təşkilatlarının siyahısını mütəmadi olaraq yeniləyir. Bu proses çərçivəsində BMT praktikasına uyğun olaraq “Taliban”ın qadağan olunmuş təşkilatların siyahıdan çıxarılmasına qərar verilib. Belə ki, “Taliban” hərəkatı BMT Təhlükəsizlik Şurasının məcburi icra edilməli olan qətnamələrində Təhlükəsizlik Şurası tərəfindən terrorçu kimi tanınan təşkilatların siyahısında deyil”, - deyə o bildirib.
Aybek Smadiyarov Qazaxıstanla “Taliban” arasında diplomatik əlaqələrin necə inkişaf edəcəyi məsələsinə də aydınlıq gətirib, ölkəsinin bundan sonra da BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qərar və qətnamələrə ciddi şəkildə əməl edəcəyini vurğulayıb.