Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak ilə Macarıstanın xarici işlər naziri Peter Siyarto arasında telefon danışığı olub. Onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə Macarıstanın Baş naziri Viktor Orban arasında gözlənilən görüşü müzakirə ediblər.
Bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
“Yaxın vaxtlarda iki lider arasında görüş təşkil etmək üzərində işləyirik”, - A.Yermak sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, ötən həftə Orban Zelenskinin danışıqlar aparmaq dəvətini qəbul edib. Bu, Ukraynada müharibə başlayandan bəri iki lider arasında ilk rəsmi ikitərəfli görüş olacaq. Müzakirə mövzularından biri də Ukraynanın Aİ-yə daxil olması məsələsi olacaq. Bundan əvvəl Macarıstan Ukraynanın Aİ-yə daxil olmasını əngəlləməklə hədələyib.
Report.az