Karter: “ABŞ və NATO Türkiyənin təhlükəsizliyini təmin edəcəklər”

Karter: “ABŞ və NATO Türkiyənin təhlükəsizliyini təmin edəcəklər” backend

ABŞ və Türkiyə müdafiə nazirləri Eşton Karter və Vecdi Könül ötən gün Brüsseldə Suriyadakı vəziyyəti və İŞİD terror qruplaşması ilə mübarizəyə dair məsələləri müzakirə ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında bildirilir.

“Nazir Karter son zamanlar Türkiyənin hava məkanının Rusiya tərəfindən pozulması halları ilə bağlı Türkiyənin təhlükəsizliyi məsələsində ABŞ və NATO-nun sarsılmaz sadiqliyini bir daha təsdiqləyib”, deyə məlumatda bildirilir.

Tərəflər həmçinin İŞİD-lə mübarizədə Türkiyənin töhvəsini müzakirə ediblər. Karter Türkiyə tərəfini “İncirlik” aviabazasını koalisiyaya istifadəyə verdiyinə görə minnətdarlığını bildirib.

“Nazirlər İŞİD-lə mübarizədə atılacaq addımları, Türkiyənin cənub sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi, əsasən də, əcnəbi silahlıların tranzitinə qarşı tədbirlərin sərtləşdirilməsini müzakirə ediblər”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, Eşton Karter və Vecdi Könül Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin toplantısında iştirak ediblər.
Diaspora