Fələstinin radikal HƏMAS hərəkatı onlarla girovun azad edilməsi müqabilində İsrailin təklif etdiyi bir həftəlik atəşkəs razılaşmasını rədd edib.
Bu barədə “The Wall Street Journal” Misir rəsmilərinə istinadən bildirib.
Onların sözlərinə görə, İsrail təcili tibbi yardıma ehtiyacı olan girov qalan bütün qadın, uşaq və qocalar da daxil olmaqla 40 nəfərin azad edilməsini istəyib. Bunun müqabilində yəhudi dövləti Qəzza zolağında quru və hava əməliyyatlarını bir həftə müddətinə dayandırmağı təklif edib, həmçinin anklava humanitar yardım axınına zəmanət verib.
Qəzetin həmsöhbətlərinin fikrincə, danışıqların bu nəticəsi uğursuzluq kimi qiymətləndirilməməlidir, söhbət hərəkatın İsraildən daha böyük güzəştlər əldə etmək cəhdindən gedir. Xüsusilə də HƏMAS nümayəndələri yalnız atəşkəsdən sonra israilli girovların qaytarılması məsələsini müzakirə etməyə hazır olduqlarını bəyan ediblər. Bundan əlavə, Fələstin İslami Cihad qrupu 100-dən çox girov müqabilində İsraildən sayı minlərlə olan bütün İslami Cihad iştirakçılarını həbsxanalarından azad etməyi tələb edir.