Angela Merkel: Türkiyə miqrasiya böhranının tənzimlənməsində mühüm rol oynayır

Angela Merkel: Türkiyə miqrasiya böhranının tənzimlənməsində mühüm rol oynayır backend

AFR kansleri Angela Merkelin fikrincə, miqrasiya böhranının səbəblərini aradan qaldırmaq üçün Avropa İttifaqı öz xarici siyasətini dəyişməlidir.



DW agentliyinin verdiyi məlumata görə, Merkel Strasburqda Avropa Parlamentinin sessiyasında çıxış edərək deyib: “Biz öz xarici siyasətimizi və inkişaf etməkdə olan ölkələrə köməyimizi münaqişələrin həllinə və miqrasiyanın səbəblərinin aradan qaldırılmasına yönəltməliyik”.

Angela Merkel qeyd edib ki, miqrasiya böhranı Avropa üçün “tarixi miqyaslı çətin sınaqdır” və qitə qlobal hadisələrdən yaxa qurtara bilməz. Aİ ölkələri “yenidən milli-dövlət səviyyəsində fəaliyyət xəyalına düşməməlidirlər, biz yalnız birlikdə fəaliyyət göstərməklə qaçqınları ədalətli şəkildə paylaşdıra bilərik”, üstəlik, “İnternet dövründə bu problemdən yaxasını kənara çəkmək, yaxud pul gücünə ondan uzaqlaşmaq mümkün deyil, bu, illüziyadır”.

Merkelin sözlərinə görə, bir tərəfdən “qeyri-leqal miqrasiya üçün çıxış nöqtəsi” olan, digər tərəfdən “çox böyük səy göstərmiş” və iki milyondan çox qaçqını qəbul etmiş Türkiyə “miqrasiya böhranının həllində mühüm rol oynayır”. AFR hökumətinin başçısı vurğulayıb: “Biz qaçqınların təchizatı və yerləşdirilməsi, sərhədlərin qorunması və insan alverçilərinə qarşı mübarizədə Türkiyəni möhkəm dəstəkləməliyik”.

Angela Merkel qaçqınları Avropa İttifaqında birinci olaraq gəldiyi ölkədə qeydiyyata alınmalı olmasını nəzərdə tutaraq deyib: “Gəlin səmimi olaq – indiki formada Dublin sazişi artıq köhnəlib. Bizə yeni, ədalətli və hamını qane edən saziş lazımdır. Qaçqınlara anonim kütlə kimi münasibət bəsləmək olmaz, hər bir insana fərdi qaydada yanaşmaq lazımdır. Minimal humanitar standartlara riayət edilməlidir”.
Diaspora