“Türkiyə lazım gəlsə, qazı Rusiyadan yox, digər alternativlərdən də ala bilər. Akkuyu AES-i rusların yerinə başqası gəlib inşa edər”
Belçika səfərini yekunlaşdıraraq Yaponiyaya yollanan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz təyyarəsində jurnalistlərə müxtəlif açıqlamalar verib. APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, sual-cavablar əsasən Suriya məsələsi və son vaxtlar bu məsələ ilə əlaqədar gərginləşən Türkiyə-Rusiya münasibətləri ilə bağlı olub.
R. T. Ərdoğan Rusiya hərbi təyyarələri tərəfindən Türkiyənin hava sərhədlərinin pozulması ilə bağlı Moskvanın verdiyi izahatı ciddi qəbul etmədiyini söyləyib: “Qurban bayramının ərəfə günündə Moskvada Putinlə üz-üzə görüşdük. Hava əməliyyatlarının başlamasından dərhal sonra telefon danışığımız da oldu. Bütün bunlardan sonra baş verənlər və hava sahəmizin pozulması onlar tərəfindən yol verilən ciddiyyətsizlikdir. Təbii ki, bundan narazıyıq. Biz Brüsseldə olarkən NATO bu məsələ ilə əlaqədar sərt açıqlama verdi. Verilən mesaj çox açıqdır: Türkiyənin hava sahəsinin pozulması NATO hava sahəsinin pozulması deməkdir. Mövcud durumu qəbul edə bilmərik. Hava pozuntuları məsələsində Rusiyanın izahatları inandırıcı deyil”.
Gərginliyin hərbi toqquşmaya səbəb olmasının mümkünlüyü və Putinlə əlaqə saxlayıb-saxlamayacağı haqda sualı cavablandıran prezident Rusiyanın Türkiyə ilə toqquşmaya girəcəyinə ehtimal vermədiyini vurğulayıb: “Rusiyanın belə bir addım atacağına inanmıram. NATO Şurasının təcili toplantı keçirməsi də işin ciddiliyini göstərdi. Putinlə bayram ərəfəsində görüşdük və sonra telefon əlaqəsi də saxladıq. Lakin bu görüş və söhbətlərdən sonra hava sahəmiz pozuldu. Bu şərtlərdə mənim yenidən onunla əlaqə saxlamağım mənasız olar”.
R. T. Ərdoğan gələn həftə yaranmış vəziyyəti ətraflı müzakirə etmək üçün ABŞ prezidenti Barak Obama ilə telefon əlaqəsi yarada biləcəyini diqqətə çatdırıb. Rusiya və ABŞ-ın Suriyadakı kürd qruplaşması, Türkiyənin terror təşkilatı saydığı PYD-yə münasibətdə oxşar mövqeyə malik olması barədə sualı cavablandıran R. T. Ərdoğan bu iki dövlətin tamamilə eyni mövqedə olacağına inanmadığını deyib: “Hər şeydən əvvəl biz ABŞ-la müttəfiqik, NATO üzvüyük. Türkiyəyə qarşı bir hərəkətə hər iki ölkənin eyni münasibət göstərəcəyini necə düşünmək olar? Belə bir şey mümkün deyil. PYD-nin PKK ilə iç-içə olduğunu hər kəs bilməlidir”.
Rusiyanın İraq hökuməti dəvət edəcəyi halda bu ölkədə də “İŞİD”i bombalaya biləcəyi haqda bəyanatlarına toxunan Türkiyə prezidenti Rusiyanı sərt tənqid edib: “Rusiya Suriyada “İŞİD”i vurmur axı. Bir dəfə ağızlarından qaçırdılar ki, Əsəd rejiminə qarşı olan hər qruplaşma bizim üçün terrorçudur. Sonra bu mövqedən bir qadər geri çəkildilər. Görünən odur ki, bunların əsl məqsədi Lazkiyedə (Latakiya – APA.) hərbi baza yaratmaq və Suriyadakı hərbi mövcudiyyətlərini gücləndirməkdir. 50 təyyarə göndəriblər, orada ciddi bir hərbi quruculuqla məşğuldurlar”.
Hazırkı proseslərin Türkiyə-Rusiya birgə layihəsi olan Akkuyu AES-in tikintisi və təbii qaz layihələrinə təsiri barədə suala cavab verən R. T. Ərdoğan bunun birtərəfli məsələ olmadığını bildirib: “Bunlar Rusiyanın da düşünməli olduğu məsələlərdir. Akkuyu AES-i ruslar inşa etməsə, başqası gəlib edər. Oraya 3 milyard dollar sərmayə qoyublar. Ona görə də bu məsələdə daha həssas olması lazım gələn tərəf Rusiyadır. Təbii qaza gəlincə, biz Rusiyanın bir nömrəli qaz istehlakçısıyıq. Türkiyəni itirmək Rusiya üçün ciddi itki olar. Türkiyə lazım gələrsə, qazı çox fərqli yerlərdən də ala, başqa alternativlərə yönələ bilər. Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurası mexanizmi var və bunu itirmək Rusiyanı mənafeyi baxımından yanlış olar. Biz bunu istəmirik”.