Kimya sahəsində Nobel mükafatı laureatlarının adları elan edilib

Kimya sahəsində Nobel mükafatı laureatlarının adları elan edilib backend

İsveç Kral Akademiyası 2015-ci il üçün kimya üzrə Nobel mükafatının Tomas Lindal (Böyük Britaniya), Pol Modriç və Əziz Səncərə (ABŞ) verildiyini elan edib.



Akademiyanın nümayəndələri bildiriblər ki, bu alimlərin işləri hüceyrələrin məhz necə öz DNT-lərini bərpa etdiyini başa düşməyə kömək edib. Bu proses “reparasiya” adlanır.

Mütəxəssislər bildirirlər ki, canlı varlığın orqanizmində hər bir hüceyrənin tərkibində bütün genetik informasiyanın yazıldığı molekul - DNT var. Bioloqlar uzun müddət hesab edirdilər ki, DNT sabit və dəyişməzdir, lakin sonralar məlum olub ki, burada daim dəyişikliklər – mutasiyalar baş verir. Mutasiyaları bir çox xarici proseslər – rentgen şüalanması, ultrabənövşəyi şüaların və kanserogenlərin təsiri əmələ gətirir. Bundan əlavə, bəzi hüceyrədaxili proseslər də mutasiyaların yaranmasına şərait yaradır. Belə zədələr “bərpa olunmayanda”, hüceyrə irsi informasiyanı saxlayıb, onu nəsildən-nəslə ötürə bilmir.

Nobel mükafatı laureatları canlı sistemlərin zədələnmiş DNT-ni necə “təmir etdiyini” aydınlaşdırıblar. Lindal əsasların eksizion reparasiyası mexanizmini kəşf edib. Burada iştirak edən fermentlər DNT-nin zədələnmiş hissəsini tapır, onu kəsib götürür və DNT-nin zədələnməmiş zəncirindən nümunə kimi istifadə edərək boşluğu doldurur.

Türk mənşəli amerikalı alim Əziz Səncər aydınlaşdırıb ki, hüceyrə ultrabənövşəyi şüanın əmələ gətirdiyi zədələri düzəldir. Bu və ya digər irsi xəstəliklər üzündən bu mexanizmin işləmədiyi insanlar üçün günəş şüaları qorxuludur və xərçəngin sürətlə inkişafına səbəb olur.

Daha bir amerikalı alim Pol Modriç bölünmə zamanı hüceyrənin səhvləri necə düzəltdiyini göstərib. Hüceyrə ikiyə bölünəndə, onun DNT-si ikiqat çoxalır, amma buna cavabdeh olan fermentlər daha dəqiq işləyə bilmir və səhvə yol verməyə başlayır. Bu cür qeyri-dəqiqliklərin sayı səhvən cütləşən nukleotidlərin düzəldilməsi mexanizmi sayəsində min dəfə azalır.

Ənənəyə görə, Nobel mükafatları dekabrın 10-da Stokholmda təqdim ediləcək. Mükafatın məbləği 8 milyon İsveç kronudur (təqribən 950 min dollar). Həmin məbləğ laureatlar arasında bölünəcək.
Diaspora