Almaniya Prezidenti Frank-Valter Ştaynmayer İsrail və Omandan sonra Qətərə işgüzar səfər edib.
Səfərin məqsədi Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə Qəzzadakı hadisələri müzakirə etmək olub. Lakin Dohaya enən Ştaynmayer hava limanında xoşagəlməz hadisə ilə qarşılaşıb.
Belə ki, Almaniya prezidenti heç bir rəsmi nümayəndə tərəfindən qarşılanmayıb.
Qətərin xarici işlər naziri Sultan bin Saad Əl Muraiqhi onu qarşılamağa gəlmədiyi üçün Frank-Valter Ştaynmayer yarım saat təyyarənin pilləkənlərində gözləməli olub.
Hava limanına yalnız Almaniyanın Qətərdəki səfiri Lothar Freyşlader gəlib.
Ştaynmayer hökumət təyyarəsinin qapısında qollarını sinəsində çarpazlayaraq gözləməyə başlayıb və bu əsnada Lothar Freyşlader də onun yanında dayanıb.
Bir müddət sonra Qətər xarici işlər naziri Sultan bin Saad Əl Muraiqhi gəlib və onlar Əmir Təmim bin Həməd Al Tani ilə görüşmək üçün yola düşüblər.
Görüş zamanı regional və beynəlxalq gündəmdə duran məsələlər və hadisələr, xüsusilə Qəzza zolağı və Fələstin ərazilərindəki vəziyyət müzakirə edilib.
Digər tərəfdən, alman mətbuatında dərc olunan xəbərlərdə Almaniya hökumətinin İsraili dəstəklədiyi xatırladılıb və yaşanan hadisənin də bu dəstəyə verilən reaksiya olduğu qeyd edilib.
Mənbə: Ensonhaber.com / Oxu.az