Son illərdə faşist Almaniyasının kansleri Adolf Hitlerin aqibəti barədə müxtəlif şayiələr dolaşmaqdadır.
AZƏRTAC “Focus-online” informasiya saytına istinadla xəbər verir ki, bununla bağlı yeni məxfi sənədlər üzə çıxıb.Bir sıra tarixçilər iddia edir ki, Hitler və xanımı Yeva Braun 1945-ci ilin aprelin 30-da Reyxstaqdakı bunkerdə intihar ediblər. Lakin bunun əksini iddia edənlər də var. Onlar Amerika Birləşmiş Ştatlarında yeni çəkilən “Hitlerin qaçışı” adlı 8 hissəli sənədli filmi dəlil gətirərək, Hitlerin müharibə dövründə ölmədiyini israr edirlər. Məlumata görə, “Hitlerin qaçışı” adlı sənədlı filmin müəllifi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq agenti Robert Baerdir.
Federal Tədqiqat Bürosunda mövcud olan onlarla məxfi sənəd əsasında lentə alınan filmin yaradıcı heyəti Hitlerin Cənubi Amerika ölkələrinə - Argentina və Braziliyaya qaçmasına dair izlər tapıb. Tədqiqatçılar sübut edir ki, Hitlerin bunkerində Tempelhof hava limanına və eyniadlı dəmiryol stansiyasına çıxmaq üçün tunel olub və o, 1945-ci ildə bu tunel vasitəsilə qaçmaq fürsətindən yararlanıb.