İsrail Qəzzada jurnalistləri də hədəfə alıb. Oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində 66 jurnalist həyatını itirib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, Fələstin Jurnalistlər Birliyi İsrailin blokadada olan Qəzza zolağına hücumları zamanı həlak olan jurnalistlərlə bağlı məlumat verib.
Açıqlamada İsrailin hücumlarında 6-sı qadın olmaqla 66 jurnalistin öldüyü, 2 jurnalistin itkin düşdüyü, 31 jurnalistin isə İsrail həbsxanalarında saxlanıldığı bildirilib.
Birlik beynəlxalq insan haqları təşkilatlarını İsrailin jurnalistlərə qarşı qanun pozuntularını yaxından izləməyə çağırıb.
Fələstinin "WAFA" xəbər agentliyinin noyabrın 22-də dərc etdiyi xəbərdə İsrailin bombardmanı nəticəsində daha 2 jurnalistin öldüyü, İsrailin oktyabrın 7-dən bu yana davam edən hücumlarında həyatını itirən jurnalistlərin sayının 64-ə çatdığı qeyd olunmuşdu.