Yaponiya hökuməti tam tərkibdə istefa verib

Yaponiya hökuməti tam tərkibdə istefa verib backend

Oktyabrın 7-də Yaponiya hökuməti Baş nazir Şinzo Abe tərəfindən Nazirlər Kabinetinin tərkibində gözlənilən yerdəyişmələr ərəfəsində tam tərkibdə istefa verib. Hökumətin təcili iclasında Nazirlər Kabinetinin bütün üzvləri bu barədə ərizə təqdim ediblər.

Nazirlər Kabinetinin tam tərkibdə istefa verməsi hökumətdə müvafiq yerdəyişmələrin aparılması üçün adi formal prosedurdur. İstefa vermiş nazirlər günün ikinci yarısınadək formal olaraq öz vəzifələrini icra edəcəklər. Məhz həmin vaxt kabinetin yeni tərkibinin elan olunacağı gözlənilir.

Yerli kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Baş nazir hökumətdəki 19 nazirdən yalnız altısını yeniləməyi planlaşdırır.

Kyodo agentliyinin məlumatına əsasən, Olimpiya Stadionunun tikintisi ilə bağlı qalmaqala görə istefa vermiş təhsil, mədəniyyət, idman, elm və texnologiyalar naziri Hakubun Şimomuranın yerinə Hiroşi Hase təyin olunacaq. İqtisadiyyat, ticarət və sənaye naziri vəzifəsində Yoiçi Miyazavanı Hayaşi Mikio əvəz edəcək. Parlamentin deputatı İvaki Mitsuhide yeni yenidənqurma naziri təyin olunacaq. Dəyişikliklər kənd təsərrüfatı, meşə və balıqçılıq, qadın məsələləri və inzibatı islahatlar, həmçinin Okinava və “şimal əraziləri” nazirliklərini də əhatə edəcək. Həmin vəzifələrə Hiroşi Moriyamanın, Kono Taronun və Aiko Simazirinin təyin olunacaqları gözlənilir.

Hökumətdə əsas vəzifələrdə xarici işlər naziri Fumio Kişidanın, müdafiə naziri Qen Nakataninin, Baş nazirin müavini və maliyyə naziri Taro Asonun və iqtisadi bərpa naziri Akiro Amarinin qalacaqları bildirilir. Həmçinin hökumətdə sosial məsələlərə daxil olan əhalinin azalması və cəmiyyətin yaşlanması üzrə yeni nazir vəzifəsinin təsis ediləcəyi də gözlənilir.

Xatırladaq ki, Şinzo Abe sentyabrın 24-də yenidən hakim Liberal-Demokratik Partiyanın (LDP) sədri təsdiq olunub. O, bu vəzifəyə sentyabrın 8-də alternativ namizədlər olmadığına görə avtomatik olaraq seçilmişdi.

Ş.Abe 2006-2007-ci illərdə Yaponiya hökumətinə rəhbərlik etsə də, sonradan hökumət Demokratik Partiyanın əlinə keçmişdi. 2012-ci ilin sentyabrında yenidən LDP sədri seçilən Ş.Abenin rəhbərliyi ilə bu partiya 2012-ci ilin dekabrında keçirilən parlament seçkilərində qalib gəlmiş və o, Baş nazir təsdiq olunmuşdu.
Diaspora