Yaponiyanın Baş naziri Nazirlər Kabinetinin tərkibinin yarısını dəyişib

Yaponiyanın Baş naziri Nazirlər Kabinetinin tərkibinin yarısını dəyişib backend

Nazirlər Kabinetinin baş katibi vəzifəsində qalan Yoşihide Suqa oktyabrın 7-də hökumətin yeni tərkibini elan edib.



Baş nazirin Nazirlər Kabinetinin tərkibində apardığı yerdəyişmələri başa çatdırdığını bildirən Y.Suqa qeyd edib ki, əvvəlki kabinetin “nüvə”sini təşkil edən və Ş.Abeyə yaxın olan 19 nazirdən 9-u vəzifəsində saxlanılıb. Baş katib Y.Suqadan əlavə Baş nazirin müavini, maliyyə naziri Taro Aso, xarici işlər naziri Fumio Kişida, regionların inkişafı naziri Şiqeru İşiba, iqtisadiyyatın bərpası naziri Akira Amari, səhiyyə, əmək və sosial təminat naziri Yasuhisa Şiozaki, müdafiə naziri Qen Nakatani, Olimpiya Oyunları naziri Toşiaki Endo vəzifələrində saxlanılıblar. Milli məsələlər və kommunikasiya naziri xanım Sanae Takaiçi də öz vəzifəsində qalıb.

Nazirlər Kabinetinə 10 nazir yeni təyin olunub. Kənd təsərrüfatı, meşə və balıqçılıq naziri vəzifəsinə Hiroşi Moriyama, iqtisadiyyat, ticarət və sənaye naziri vəzifəsinə Motoo Hayaşi, ədliyyə naziri vəzifəsinə Mitsuhide İvaki, dövlət torpaqları, nəqliyyat, infrastruktur və turizm naziri vəzifəsinə Keyiçi İşii təyin ediliblər. Taro Kono dövlət və ictimai təhlükəsizlik komitəsinə rəhbərlik etməklə yanaşı, həm də inzibati islahatlar məsələləri ilə məşğul olacaq. Koreya Xalq Demokratik Respublikasında girov saxlanılan Yaponiya vətəndaşları problemi və cəmiyyətdə qadınların rolunun artırılması məsələləri isə əvvəllər baş katibin müavini olmuş Katsunobu Katoya həvalə olunub. Bundan əlavə, o, azalmaqda olan Yaponiya əhalisinin sayının 100 milyondan aşağı düşməməsi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi ilə də məşğul olacaq.

Təhsil, mədəniyyət, idman, elm və texnologiyalar naziri vəzifəsinə Hiroşi Hase təyin edilib. Təbii fəlakətlərdən sonra bərpa işləri üzrə nazir portfelini isə Tsuyoşi Takaqi qazanıb.

Yeni Nazirlər Kabinetində üç qadın nazir var - vəzifəsini saxlamış xanım Sanae Takaiçi ilə yanaşı, Okinava və “şimal ərziləri” məsələlərinə baxacaq Aiko Simaziri və ətraf mühit naziri Tamayo Marukava.

Hökumətin tərkibinə daxil olan bu yeni 10 nazir Baş nazirin qənaətinə görə, kabinetin yenilənməsinin təsdiqi olacaq.
Diaspora