Robert Köçəryan: “Ermənistanın gələcəyi üçün böyük səhv edilir”

Robert Köçəryan: “Ermənistanın gələcəyi üçün böyük səhv edilir” backend

“Bu cür radikal xarakterli konstitusiya islahatlarına ehtiyac yoxdur. Ölkənin qarşısında duran bütün problemlər funksionallığı şübhə doğurmayan mövcud konstitusiya çərçivəsində də həll oluna bilər. Bu layihə mənim ən pis gözləntilərimi üstələdi”.



APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın sabiq dövlət başçısı Robert Köçəryan konstitusiya islahatlarına münasibət bildirərkən deyib.

“Burada dövlət idarəçiliyinin yarım prezidentli və parlamentli formalarından söhbət getmir. Konstitusiya layihəsi de-fakto təkpartiyalı sistemə keçidə, nəticə etibarilə də siyasi monopoliya və durğunluğa gətirib çıxara bilər. Sovet Konstitusiyası özündə çox gözəl sözlər birləşdirirdi, lakin 6-cı maddəsi kommunistlərin siyasi monopoliyasını qanuniləşdirdi. SSRİ-nin sonu isə hamıya bəllidir”, - deyə o vurğulayıb.

R. Köçəryanın sözlərinə görə, konstitusiya layihəsinin 89-cu maddəsi parlamentdə, eləcə də hakimiyyətdə tək partiyanın hökmranlığını nəzərdə tutur. O bildirib ki, indiki şəraitdə bu, bütün inzibati və maliyyə resurslarının bir partiyanın əlində cəmləşməsinə, siyasi monopoliyanın konstitusion normaya çevrilməsinə gətirib çıxaracaq.

“Mən ölkəmə belə gələcəyi arzulamıram. Bu üzdən də birmənalı şəkildə bu islahatların əleyhinə çıxıram. Ermənistanın gələcəyi üçün həddən artıq təhlükəli olan böyük səhv edilir”, - deyə sabiq prezident əlavə edib.
Diaspora