Aralıq dənizinin Liviya sahillərində idarə olunmayan 6 üzən vasitənin göyərtəsindəki 1830 mühacir xilas edilib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, sahil mühafizə xidmətinin məlumatına görə, onlar qəzaya uğrayan 4 gəminin göyərtəsində və 2 rezin qayıqda olublar. Avropa İttifaqının Aralıq dənizində qanunsuz mühacirlərin daşınması ilə mübarizə məqsədi ilə apardığı hərbi-dəniz əməliyyatlarında 3 İtaliya, 1 Britaniya və 1 İrlandiya xilasetmə gəmisi iştirak edib.Miqrasiya üzrə Beynəlxalq Təşkilatın məlumatına əsasən, bu ilin əvvəlindən etibarən Avropaya 500 minə yaxın mühacir gəlib. Şimali Afrika və Yaxın Şərqdən olan qaçqınlar Avropaya qaçaqmalçıların köməyi ilə Aralıq dənizi vasitəsilə keçməyə çalışırlar. Bu cür “səyahətlər” nəticəsində mühacirlərin bir hissəsi sahilə çatmamış tələf olur. BMT-nin hesablamalarına görə, ilin əvvəlindən bəri Aralıq dənizi vasitəsi ilə Avropaya keçməyə cəhd edən 3,9 min mühacir və qaçqın həlak olub.