Rumıniyada, ölkənin paytaxtı Buxarestdən 150 kilometr şərqdə yerləşən Feteşti hava qüvvələri bazasında Avropa F-16 təlim mərkəzi açılır. Orada ukraynalı pilotlar F-16 qırıcıları üzərində təlim keçəcəklər.
Qaziler.az xəbər verir ki, bu barədə UNİAN “Deutsche Welle”yə istinadla xəbər verir. Nəşrdə bildirilib ki, bu haqda noyabrın 13-də Rumıniyanın müdafiə naziri Anjey Tilvar və onun hollandiyalı həmkarı Kaysa Ollonqren açıqlama verib.
Hollandiyanın ukraynalı və rumıniyalı pilotların hazırlanması üçün 12-dən 18-ə qədər F-16 təyyarəsi verməsi nəzərdə tutulur. Müqavilənin vacib şərtlərindən biri F-16 istehsalçısı “Lockheed”in təlim proqramlarını təmin etmək üçün təlimatçılar və texniki personal təmin etməsidir.
Göstərilir ki, pilot hazırlığı təxminən altı ay çəkə bilər. Bundan əlavə, Hollandiya Ukraynaya 42 F-16 qırıcısı təhvil verəcəyini vəd edib, baxmayaraq ki, onların hamısı Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ayrılmayacaq, çünki təyyarələrin bir hissəsi təlim üçün istifadə olunacaq.
Hollandiyadan başqa, Danimarka (19 ədəd), Norveç (10-a qədər) və Belçika (2025-ci ildən başlayaraq, təyyarələrin sayı hələ açıqlanmır) da təyyarə tədarükünü vəd edib. Optimist ssenariyə görə, Ukrayna ilk F-16-ları 2024-cü ilin birinci yarısında alacağını gözləyir.
QAZİLER.AZ