Almaniyanın “Rheinland-Pfalz” və “Saarland” Federal əyalətini Hunsrük silsilə dağ massivi ilə birləşdirən ən uzun asma kanat körpü istifadəyə verilib.
AZƏRTAC “DPA” informasiya agentliyinə istinadla xəbər verir ki, piyadalar üçün nəzərdə tutulan yeni asma körpünün uzunluğu 360 metr, yerdən hündürlüyü isə 90 metr təşkil edir. Belə ki, turistlər "Geierlay" adı verilən bu körpü vasitəsilə ərazidəki meşə massivi və çay vadiləri (Mosel, Mörsdorfer Bach) üzərindən keçmək imkanı əldə ediblər.Tikinti işləri İsveçrə firması tərəfindən həyata keçirilib və beş il davam edib. Layihə dəyəri 1,1 milyon avro olan asma körpüdən hər il 170 min turistin istifadə edəcəyi bildirilir.