İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Özbəkistanda keçirilən 16-cı Zirvə toplantısında Prezident İlham Əliyev ilə Prezident İbrahim Rəisinin görüşü İran mətbuatında geniş işıqlandırılıb.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, İranın rəsmi dövlət informasiya agentliyi olan İRNA, həmçinin İSNA, İLNA, “Mehr news”, “Fars news” saytları “İran və Azərbaycan Respublikası arasındakı münasibətlər iki xalqın dərin əlaqələrinə əsaslanır” başlıqlı xəbərlər dərc ediblər. Materiallarda qeyd olunub ki, iki qonşu və dost ölkə iqtisadiyyat, ticarət, nəqliyyat və tranzit sahəsində sıx əməkdaşlıq əlaqələrinə malikdirlər.
Hər iki ölkə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında iştirak edir. Zəngəzur dəhlizinin İran ərazisindən keçməsi İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin artmasında mühüm rol oynayacaq. Bu dəhlizdən, eyni zamanda, region ölkələri də istifadə etmək imkanı qazanacaqlar ki, bu da İran ilə Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq.
Nəzərə çatdırılıb ki, İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb. Azərbaycanın Qarabağı işğaldan azad etməsi regiona sülh və əmin-amanlıq gətirəcək.
Materiallarda vurğulanır ki, İran və Azərbaycan prezidentlərinin görüşü iki qonşu və dost dövlət arasındakı münasibətlərdə yeni mərhələnin əsasını yaradacaq, bu mərhələdə ikitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələri daha genişlənəcək.