“YouTube” sosial şəbəkə platformasında baş verən son dəyişikliklər reklam blokunu həyata keçirən şirkətlərin fəaliyyətini iflic edib.
“APA-Economics”in xarici mediaya istinadən xəbərinə görə, belə şirkətlərdən biri olan “AdGuard” hər gün 11 000-dən çox istifadəçisini itirir. Şirkət bildirir ki, artıq istifadəçilər tərəfindən “Chrome” brauzeri üzərindən onlara məxsus əlavə silinir.
“Ghostery” şirkəti də yaranan vəziyyətdən narahatdır.
Qeyd edək ki, “YouTube”un bu qadağaları hələlik ki, noutbuk və masaüstü kompüterlərdən “Chrome”a giriş edərkən mümkün olur. Bu səbəbdən bəzi istifadəçilər vəziyyətdən çıxış yolu olaraq digər brazuerlərə üstünlük verirlər.
Son açıqlanan rəqəmlərə görə, “Microsoft” şirkətinə məxsus “Edge” brauzerinin istifadəçilərinin sayı oktyabrla müqayisədə 30 faiz artıb.
Qeyd edək ki, “YouTube” reklamları “Google”un ümumi gəlirlərinə getdikcə daha çox fayda verir. Şirkət bu ilin əvvəlindən sentyabr ayına qədər platformada 22 milyard dollardan çox reklam satıb.