Banqladeşdə ilin əvvəlindən bəri denge qızdırmasından ölənlərin sayı 1226 nəfərə çatıb.
QAZİLER.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, son 24 saat ərzində 12 nəfər bu xəstəlikdən dünyasını dəyişib, bununla da qurbanların ümumi sayı 1226 nəfərə çatıb. Beləliklə, oktyabr ayında ölümlərin dinamikası sabit olaraq qalır, birinci və ikinci ongünlükdə 100-dən çox insan dünyasını dəyişib.
Oktyabrın ilk 20 günündə ölkədə 48 minə yaxın xəstəliyə yoluxma halı aşkarlanıb. Xəstəliyin intensivliyi üzrə rekord ay, demək olar ki, 80 min insanın yoluxduğu sentyabr olub. Yanvar ayından bəri aşkarlanan qızdırma hallarının ümumi sayı 251 mini keçib.
Qeyd edək ki, denge qızdırması yüksək qızdırma, güclü əzələ-oynaq ağrıları, səpgi, hemorragiya və limfadenopatiya ilə təzahür edən təbii ocaqlı transmissiv xəstəlikdir. Meymunlar, dələlər, quşlar, eləcə də ağcaqanadlar virus yayıcı hesab edilir.