İstənilən etniklərarası münaqişədə, xüsusilə də həddən artıq zorakılıq və qeyri-proporsional gücün tətbiq edildiyi münaqişələrdə qarşılıqlı ittihamlar təbii sayılsa da, Dağlıq Qarabağ münaqişəsində Ermənistan tərəfinin təcavüzkar olması təkzibedilməz faktdır.
Trend-in məlumatına görə, bu barədə İsrailin Bar-İlan Universitetinin Beqin-Sadat Strateji Araşdırmalar Mərkəzinin eksperti, “Türkiyənin İsrail və Azərbaycanla antantası” kitabının müəllifi Aleksandr Marisonun ABŞ-ın nüfuzlu “Washington Times” nəşrində dərc edilən məqaləsində deyilir.Məqalədə qeyd olunur ki, Ermənistan hazırda Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınmış ərazisinin işğalını davam etdirir: “Kapitolidəki erməni tərəfdarlarının bu iddiaya reaksiyası kəskin ola bilər, lakin BMT-nin müvafiq qətnamələrindəki sitatlar bu məsələdə həqiqəti gün işığına çıxarır və faktları təbliğatdan ayırır”.
Müəllifin sözlərinə əsasən, BMT-nin 30 aprel 1993-cü il tarixli № 822 qətnaməsi hərbi fəaliyyətlərin dayandırılmasını və yerli işğalçı qüvvələrin (indiki halda “yerli işğalçı qüvvələri” erməni qoşunlarına aiddir) 3 aprel 1993-cü ildə işğal edilən Kəlbəcər rayonundan çıxarılmasını tələb edir: “BMT-nin 29 iyul 1993-cü il tarixli 853 saylı qətnaməsi bütün hərbi fəaliyətlərin dərhal dayandırılmasını və Ermənistan qoşunlarının 1993-cü il iyunun 23-də işğal etdikləri Azərbaycanın Ağdam rayonundan çıxarılmasını tələb edir və BMT-nin 822 saylı qətnaməsini yenidən təsdiq edir. Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərarını da bu sübutlara aid etmək olar”.
A.Marison qeyd edir ki, Avropa Məhkəməsinin hazırda beynəlxalq hüquq əsasında daha inandırcı iddiası olan qərarı Ermənistanı Azərbaycan torpaqlarının aqressoru və işğalçısı qismində tanıyır.
Azərbaycanın xeyrinə fəaliyyətlərdə şübhəli sayılması mümkün olmayan Avropa Məhkəməsinin qərarı nəhayət təsdiq etdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin başlanmasında günahkardır: “Ermənistanın rəsmi bəyanatlarda cavabı Avropa Məhkəməsi üçün həqarət idi. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar Avropa Məhkəməsinin himayəsi və ya vasitəçiliyi altında aparılmır və ATƏT-in Minsk Qrupu münaqişənin həlli üçün mandatı olan yeganə beynəlxalq formatdır”.
Müəllif sual edir ki, Ermənistanın qanunun aliliyinə qarşı özünü belə lovğalı aparmasının və yolverilməz hörmətsizliyini davam etdirməsinin səbəbi nədir?: “Bunda Yerevanın İran və Rusiya tərəfindən dəsətklənməsi az rol oynamır”.