Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) alimləri OSIRIS-REx missiyası zamanı əldə edilən və sentyabrın sonunda Yerə çatdırılan Bennu asteroidindən nümunələrin tərkibini açıqlayıblar. Hesabat kosmik agentliyin rəsmi saytında yayımlanıb.
QAZİLER.AZ verdiyi məlumata görə, NASA direktoru Bill Nelson bildirib ki, nümunədə çoxlu miqdarda su, karbonlu materiallar və üzvi molekullar var. Bennu torpağında karbon konsentrasiyası 4,7% təşkil etmişdir.
"OSIRIS-REx nümunəsi indiyə qədər Yerə gətirilən ən böyük karbonla zəngin asteroid nümunəsidir və elm adamlarına gələcək nəsillər üçün planetimizdə həyatın mənşəyini araşdırmağa kömək edəcək" deyə, Bill Nelson bildirib.
OSIRIS-REx missiyasının aparıcı alimi Dante Lauretta qeyd edib ki, aşkar edilmiş su mineralların içərisində qalıb və bu, suyun oxşar asteroidlə birlikdə Yerə çata biləcəyi fərziyyəsini dəstəkləyir.
OSIRIS-Rex avtomatik stansiyası 2016-cı ildə işə salınıb. Cihaz səkkiz il kosmosda olub və təxminən 6,5 milyard kilometr yol qət edib.
QAZİLER.AZ