Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə bağlı Avropa ölkələrinin Xarici İşlər Nazirlikləri İsrailə dəstək veriblər.
QAZİLER. AZ APA-ya istinadən xəbər verir ki, Yunanıstan Xarici İşlər Nazirliyi X sosial şəbəkəsi hesabından İsrailə öz dəstəyini göstərib:
"Yunanıstan bu gün Qəzzadan İsrailə qarşı ağır raket hücumlarını kəskin şəkildə pisləyir. Yunanıstan İsrailin yanındadır və zorakılığın bu qəbuledilməz artmasından dərin narahatdır"
Belçika xarici işlər naziri Hadija Labib isə HƏMAS-ın mülki insanlara qarşı hücumlarını pisləyib:
"Belçika İsrailin mülki əhalisinə qarşı kütləvi raket hücumlarını qətiyyətlə pisləyir. Zorakılıq və terror yalnız iztirabları davam etdirir və dialoqa aparan yola mane olur. Bizim düşüncələrimiz bütün zərərçəkənlərlədir. Biz vəziyyəti diqqətlə izləyirik".
Polşa Xarici İşlər naziri Zbiqnev Rau da X sosial şəbəkəsində bu hücumla bağlı öz fikirlərini bildirib:
"HƏMAS-ın İsrailə qarşı davam edən hücumlarını şiddətlə qınayıram. Bu əsassız təcavüz və zorakılıq aktları, xüsusən də mülki şəxslərə qarşı qəbuledilməzdir. Bizim düşüncələrimiz və dualarımız bu dəhşətli hadisələrdən təsirlənən hər kəsin yanındadır"
Çexiya Prezidenti Petr Pavel bu hücumu İsrail dövlətinə və mülki əhaliyə qarşı terror aktı kimi qiymətləndirib
Avstriya xarici işlər naziri Aleksandr Şallenberq da İsrailə dəstək verib.
İtalya hökuməti isə İsrailin özünü müdafiə etmək hüququnu dəstəklədiklərini barədə bəyanatı yayıb.
"İtaliya hökuməti İsraildə baş verən vəhşi hücumu yaxından izləyir. O, günahsız dinc sakinlərə qarşı davam edən terroru və zorakılığı qəti şəkildə pisləyir. Terror heç vaxt qalib gəlməyəcək. Biz İsrailin özünü müdafiə etmək hüququnu dəstəkləyirik".
İsveçrə isə mülki şəxslərə qarşı zorakılığa son qoyulmasına çağırış edib:
"Biz zorakılığa dərhal son qoymağa və mülki şəxslərin müdafiəsinə çağırırıq".