NATO-nun Kosovodakı qüvvələrinə Britaniyadan 200 hərbçi qoşulub

NATO-nun Kosovodakı qüvvələrinə Britaniyadan 200 hərbçi qoşulub backend

NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrinin (KFOR) şəxsi heyətinə Böyük Britaniya qüvvələrinin 200 hərbçisi əlavə olunub.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə NATO məlumat yayıb.

Bildirilir ki, KFOR-un şəxsi heyətini gücləndirmək məqsədilə Britaniyadan 200 hərbçidən ibarət ilk kontingent Kosovoya gəlib. Bununla da Kosovodakı Britaniya hərbçilərinin sayı 400 nəfərə çatıb.

Bundan başqa, 1999-cu ildən bu vaxtadək Kosovoda xidmət aparan NATO-nun Sülhməramlı Qüvvələrinin komandanlığına Türkiyə ilk dəfə rəhbərlik edəcək. Oktyabrın 10-dan etibarən türkiyəli general-mayor Özkan Ulutaş bir il müddətinə KFOR-un komandiri vəzifəsini icra edəcək.

Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq ötən ayın sonunda Kosovonun şimalında baş verən hadisələrdən sonra KFOR-un şəxsi heyətinin sayının artırılması ilə bağlı qərar qəbul olunduğunu açıqlamışdı.

Xatırladaq ki, aprelin 23-də Kosovonun şimalındakı bələdiyyələrdə keçirilmiş seçkilərdə alban mənşəli şəxslərin mer seçilməsi bu bölgədə yaşayan kosovolu serblərin etirazına səbəb olmuşdu. Mayın 26-da bölgədə nümayişlər keçirilmiş, etirazçılar ilə Kosovo polisi və NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələri arasında qarşıdurmalar baş vermişdi. Nəticədə KFOR bölgədəki şəxsi heyətinin sayını artırmışdı.

Sentyabrın 24-də isə Kosovonun şimalında silahlı toqquşma nəticəsində kosovolu bir polis əməkdaşı həlak olmuş, biri yaralanmış, 3 Kosovo serbi isə öldürülmüşdü. Bu, Belqrad və Priştina arasında gərginliyi yenidən artırmışdı.

 

 

Diaspora