Yunanıstanın xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Kostas Franqoyannis İpsala sərhədində Türkiyə ilə Yunanıstan arasında keçidləri asanlaşdıracaq yeni körpünün tikintisinə 2024-cü ildə başlanacağını açıqlayıb.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, “Parapolitika” qəzetinə müsahibəsində Franqoyannis Türkiyə ilə müsbət münasibətləri və aktual məsələləri dəyərləndirib.
K.Franqoyannis iki ölkə arasında əlaqələrin nəqliyyat, ətraf mühit, kiçik və orta sahibkarlıq, turizm kimi iqtisadiyyat və ticarətin 29 sahəsində inkişaf etdiyini bildirib.
O qeyd edib ki, müsbət gündəliyin ilk üç ilində ikitərəfli ticarətin asanlaşdırılması, turizmin canlandırılması və mülki müdafiə sahələrində əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılıb.
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis Nyu-Yorkda keçirdikləri görüşdə ikitərəfli münasibətlərdə müsbət ab-havanın davam etdirilməsinə dair razılığa gəldiklərini xatırladan Franqoyanni deyib: “Biz həmsöhbətim olan türkiyə xarici işlər nazirinin müavini Burak Akçaparla görüşmüşük. Nyu-Yorkda çox yaxşı görüşümüz oldu. Bizim ortaq məqsədimiz dekabrın 7-də Salonikidə keçiriləcək Sammitdə müəyyən fəaliyyətlərlə bağlı memorandumlar və razılaşmalar imzalamaqdır".
Müsbət gündəmin iki ölkə xalqı üçün də əməli faydalar gətirəcəyini vurğulayan Franqoyannis, İpsala sərhəddində nəqliyyat vasitələrinin keçməsi üçün ikinci körpünün tikintisinə 2024-cü ildə başlanılacağını və bu körpünün böyük rahatlıq təmin edəcəyini bildirib.
İqlim böhranı və qeyri-qanuni miqrasiya sahəsində əməkdaşlığın vacib olduğunu bildirən Franqoyannis Türkiyə ilə Yunanıstan arasında “sakitliyin” davam edəcəyinə dair nikbin olduğunu da qeyd edib.