“Google” korporasiyasının sabiq əməkdaşı Sanmey Ved “Google.com” domenini 12 dollara əldə edə bilib. İKT.lent.az-ın məlumatına görə, keçmiş əməkdaş özü danışıb ki, veb-sayt domenlərinin satışı ilə məşğul olan “Google Domains” portalına daxil olub və axtarış yerinə “Google.com” sözlərini yazıb.
Məlum olub ki, bu domen boşdur və qiyməti cəmi 12 dollardır. Ved hər hansı bir səhvin baş tutduğunu düşünüb. Ancaq onun telefonuna uğurlu tranzaksiyanın (pul köçürülməsinin) baş tutması ilə bağlı təsdiq mesajı gəlib.Ancaq bununla belə, “Google Domains” xoşbəxt alıcını məyus edib. Belə ki, sonradan S.Ved alışın təxirə salındığı ilə bağlı məlumat alıb. Buna səbəb bu addakı domeni ondan əvvəl başqa birisinin əldə etməsi olub. Həmin an onun ödədiyi pullar yenidən kartına geri qaytarılıb.
Bütün alış prosesini Ved özünün “LinkedIn” sosial şəbəkəsindəki akkauntunda şərh edib. Nə alıcı, nə də “Google” korporasiyası bu məsələnin nədən irəli gəlməsi ilə bağlı heç bir məlumata malik deyillər. Amma bütün bunlara baxmayaraq, Ved ruhdan düşmür.
“Ən azı mən 1 dəqiqə də olsa, “Google.com” saytının sahibi oldum”, - deyə “Google” korporasiyasının keçmiş əməkdaşı bildirib.