ABŞ-ın Los-Anceles şəhərində bir qalereyada nümayiş etdirilən 1,5 milyon dollar dəyərində olan tarixi Yapon Budda heykəlinin ötən həftə oğurlandığı və oğurluq anının təhlükəsizlik kameralarına düşdüyü üzə çıxıb.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Los Anceles polisinin verdiyi açıqlamaya görə, təxminən 114 kiloqram ağırlığında və 1,5 milyon dollar dəyərində olan Budda heykəli sentyabrın 18-də sərgiləndiyi “Barakat” qalereyasından oğurlanıb.
Təhlükəsizlik kameralarına düşən hadisədə oğruların yük maşını ilə qalereyaya gələrək qalereyanın həyətindəki heykəli yük maşınına yüklədikləri görünür.
Qalereyanın sahibi Fayez Barakat yerli mətbuata açıqlamasında heykəlin çox qiymətli olduğunu bildirərək, “Bu heykəl əvvəllər evimin həyətində idi, sonra qalereyanın həyətinə gətirdik. ki, hamı onu görüb heyran olsun” deyib.
Barakat Yaponiyadakı Edo dövrünə (1603-1867) aid olan əsəri 55 il bundan əvvəl aldığını qeyd edib.
Los Anceles polisi hadisə ilə bağlı hələ heç kimin saxlanılmadığını və ərazidəki təhlükəsizlik kamerası qeydlərinin araşdırıldığını açıqlayıb.
QAZİLER.AZ