Oktyabrın 1-də Tbilisidə “Regional fərqlərin aradan qaldırılması” (CORD) üzrə 5-ci beynəlxalq konfrans işə başlayıb.
Tədbirdə Avropa İttifaqının, Balkan dövlətlərinin, eləcə də “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin rəsmi şəxsləri və mütəxəssisləri iştirak edirlər.
Azərbaycanı konfransda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul işçisi Amin Məmmədov, Binəqədi rayon bələdiyyəsinin sədri Sitarə Cabbarlı və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Fidan Qasımova təmsil edirlər.
Gürcüstan parlamentinin sədri David Usupaşvili, Baş nazirin müavini, energetika naziri Kaxa Kaladze, regional inkişaf və infrastruktur naziri Nodar Cavaxişvili, Avropa İttifaqının Gürcüstandakı səfiri Yanos Herman, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə direktoru Martin Homola və başqaları konfransda çıxış edərək regional inkişafa nail olunması üçün əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Çıxışlarda bildirilib ki, regional inkişafın reallığa çevrilməsi üçün ölkələrin ayrı-ayrı bölgələri, şəhər və bələdiyyələri arasında da əməkdaşlıq əlaqələri qurulmalıdır. Bu istiqamətdə Avropa İttifaqının yardım proqramları mövcuddur və yeni layihələr hazırlanır.
Həmçinin qeyd olunub ki, Avropa İttifaqının Çevik Dayanıqlı və İnklüziv Strategiyası olan “Avropa-2020” ilə əlaqələrin gücləndirilməsi, proqramların hazırlanması və həyata keçirilməsi metodları ilə əlaqədar əhəmiyyətli dəyişikliklər olmalıdır. Bu dəyişikliklər Aİ-nın Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin sosial-iqtisadi və infrastruktur sahələrinin inkişafına təkan verəcək.
Konfrans oktyabrın 2-də öz işini davam etdirəcək.