Yaponiyada hökumət Yaponiya əhalisinin 10 faizindən çoxunun hazırda 80 və ya daha yuxarı yaşda olduğunu açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə CNN-də məlumat dərc edilib.
Ölkənin Daxili İşlər və Rabitə Nazirliyinin açıqladığı rəqəmlərə görə, Yaponiyada yaşı 65 və ondan yuxarı olan yaşlıların sayı rekord səviyyədədir. Əhalinin 29,1 faizini təşkil edir. Bu isə dünyada ən yüksək göstəricidir.
Nazirlik həmçinin sürətlə aşağı düşən doğum nisbəti və azalan işçi qüvvəsi ilə bağlı hesabatlar dərc edərək, pensiya və səhiyyə üçün maliyyələşdirməyə təsir göstərə biləcək dərəcələrə diqqət çəkib.
Yaponiyanın əhalisi 1980-ci illərin iqtisadi bumundan bəri davamlı şəkildə azalır və onun doğum səviyyəsi 1,3 faiz təşkil edir. Bu göstərici xeyli aşağıdır.
Yaponiyada on ildən artıqdır ki, ölüm halları doğumları üstələyir.
Ölkə həm də uzunömürlülərin sayına görə dünyada birinci yerdədir ki, bu da yaşlı əhalinin sürətlə artmasına səbəb olur.
Artan işçi çatışmazlığı ilə mübarizə aparmaq və durğunluqda olan iqtisadiyyatı canlandırmaq ümidi ilə Yaponiya hökuməti son on ildə yaşlı işçiləri yenidən işçi qüvvəsinə qoşulmağa təşviq edib.
QAZİLER.AZ