Səhiyyə rəsmiləri deyirlər ki, Nipahdan ölüm halları 40-70 faiz arasında dəyişir. Virusun yayıldığı Hindistanda gedişatı dəyişmək üçün mübarizə aparılır.
Qaziler.az bildirir ki, koronavirus epidemiyası zamanı çətin dövrlər yaşayan və qeyri-adekvat səhiyyə infrastrukturuna malik Cənubi Asiya ölkəsi Hindistan indi Nipah virusuna qarşı çıxılmaz vəziyyətə düşüb.
Qeyd olunur ki, Nipah ilə əlaqəli infeksiyaların səbəb olduğu ölümlər koronavirusla müqayisədə daha yüksəkdir.
Hindistan Tibbi Araşdırmalar Şurasının (ICMR) baş direktoru Rajeev Bahl Nipah virusu haqqında danışıb.
Bahl Nipah virusunun ölümcüllüyünün 40-70 faiz olduğunu qeyd edib.
Bahl bildirib ki, virusun yayılmasına nəzarət etmək üçün əllərindən gələni edirlər.
"Yoluxmanın sürətlə artmasının səbəbini bilmirik" deyən Bəhl əlavə edib:
2018-ci ildə Keraladakı epidemiyanın yarasalarla əlaqəli olduğunu gördük. İnfeksiyanın yarasalardan insanlara necə keçdiyinə əmin deyilik.
Qeyd edək ki, Hindistanın Kerala əyalətində 6 nəfərdə Nipah virusu aşkarlanıb və onlardan 2-si dünyasını dəyişib.
Nipah virusuna yoluxmuş şəxslərdə simptomlar dərhal görünməsə də, qızdırma, baş, boğaz və əzələlərdə ağrı kimi simptomlarla qripə bənzər bir vəziyyət inkişaf edə bilər.
Növbəti mərhələdə başgicəllənmə, yorğunluq və şüurun dəyişməsi baş verə bilər.
Həm heyvanlarda, həm də insanlarda xəstəliyə səbəb olan viral infeksiya olan Nipah virusu ilk dəfə Malayziyanın Nipah bölgəsində epidemiya halında yayılmağa başlayıb.
QAZİLER.AZ